Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə “5-ci Ürək Çatışmazlığında Yeniliklər Konqresi” keçirilib. İki gün davam edən elmi tədbirdə yerli və xarici mütəxəssislər ürək çatışmazlığının diaqnostika və müalicəsində son yenilikləri, müasir yanaşmaları və klinik təcrübələri müzakirə ediblər.
Tədbirin ikinci yarısında keçirilən sessiyalar əsasən irəliləmiş ürək çatışmazlığı, ürək transplantasiyası və orqan donorluğu mövzularına həsr edilib. Sessiyanı açıq elan edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Yasmin Rüstəmova ürək transplantasiyasının müasir səhiyyədəki rolu, ürək xəstəliklərinin yaratdığı çağırışlar və cəmiyyətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən tibb elmləri doktoru, professor Kamran Musayev Azərbaycanda ürək transplantasiyasının inkişaf mərhələləri, əldə olunan uğurlar və gələcək hədəflər barədə danışıb. O, transplantasiya xidmətlərinin inkişafı üçün peşəkar kadr hazırlığının, multidissiplinar əməkdaşlığın və donor sisteminin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında son illər ərzində orqan donorluğu və transplantasiya sahəsində qeydə alınan statistik göstəriciləri təqdim edib. O, donor sayının artırılması, gözləmə siyahısında olan xəstələrin vəziyyəti və bu sahədə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə məlumat verərək, cəmiyyətdə orqan donorluğuna müsbət münasibətin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
ODTKM İdarə Heyətinin sədri Yeganə Abbasova, professor Zviad Kipiani və digər mütəxəssislərin moderatorluğu ilə keçirilən sessiyada orqan donorluğu və transplantasiya sahəsində aktual məsələlər diqqət mərkəzində olub. Sessiyada donor koordinasiyası, transplantasiyaya hazırlıq, əməliyyatın icrası və transplantasiyadan sonrakı müşahidə prinsipləri ətrafında geniş müzakirələr aparılıb.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova “Donor koordinasiyası” mövzusunda çıxış edərək donorun müəyyənləşdirilməsindən transplantasiya prosesinin təşkilinə qədər bütün mərhələlərdə koordinasiyanın mühüm rolunu vurğulayıb.
Konqres çərçivəsində aparılan müzakirələr ürək transplantasiyası və orqan donorluğu sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir tibbi yanaşmaların tətbiqi və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.